Xəbərlər

5 Dekabr tarixində MARSA 2025-ci ilin auditoriya ölçmə nəticələrini təqdim edib

Bakı, Azərbaycan — MARSA 2025-ci ilin auditoriya ölçmə nəticələrini rəsmi şəkildə təqdim edərək televiziya kanallarını, radiostansiyaları, reklam agentliklərini və beynəlxalq tərəfdaşları bir araya topladı. Tədbirdə TİAK (Türkiyə), Kantar Media və PureXMedia nümayəndələri iştirak ediblər.

Son məlumatlara əsasən, televiziyanın Azərbaycanda ən güclü media platformalarından biri kimi mövqeyi dəyişməz qalır:

• Əhalinin 95%-i ay ərzində ən azı bir dəfə TV-yə baxır

• 66%-i hər gün TV izləyir

• Gündəlik orta baxış müddəti: 3 saat 58 dəqiqə

MARSA-nın sistemi 80-dən çox TV kanalı və radiostansiyanı ölçür və monitorinq edir. Hazırda 16 TV kanalı, 12 radiostansiya və 13 reklam agentliyi MARSA-nın auditoriya məlumatlarına abunədir və onlardan aktiv şəkildə istifadə edir.

MARSA-nın Müştəri Xidmətləri Meneceri Süriyyə Əlizadə TV və radio auditoriyasına dair 2025-ci ilin illik icmalını təqdim etdi. Təqdimatda televiziya baxış trendləri, auditoriya davranışındakı dəyişikliklər, radio monitorinqi və sorğu əsaslı araşdırmalardan əldə edilən nəticələr ətraflı şəkildə iştirakçılara çatdırıldı.

Tədbirdə həmçinin TV kontenti üzrə Səmayə Xəlilova, radio kontenti üzrə isə Elvin Məlikov çıxış edərək müvafiq sahələrdə 2025-ci ilin əsas meyillərini, kontent istehlakı üzrə dəyişiklikləri və media peşəkarları üçün önəmli olan digər yenilikləri bölüşdülər.

Tədbirdə həmçinin beynəlxalq ekspertlər tərəfindən qlobal ölçmə həlləri, auditoriya analitikasındaki yeniliklər və radio auditoriyasının ölçülməsi metodologiyası ilə bağlı təqdimatlar keçirildi. Proqram media mütəxəssisləri ilə interaktiv Q&A sessiyası ilə yekunlaşdı.