MARSA şirkətinin illik fəaliyyətinin yekunlarına həsr olunmuş media tədbiri keçirildi.
10 ay əvvəl2023-cü il 11 oktyabr tarixində MARSA şirkətinin illik fəaliyyətinin yekunlarına həsr olunmuş media tədbiri keçirildi.
Tədbirin açılışını MARSA şirkətinin icraçı direktoru İradə Sultanova etdi və çıxışı zamanı bir çox önəmli məsələlərə toxundu. Qonaqları salamladıqdan sonra şirkətin bir illik fəaliyyəti zamanı əldə etdiyi yüksək nailiyyətlər və yeniliklər haqqında məlumat verdi. O qeyd etdi ki, 2023-cü ildə Azərbaycan Media bazarında çox sayda dəyişikliklər baş vermişdir və əsasən bütün bunlar inkişafyönümlü olmuşdur. Bu yeniliklərə səbəb olan əsas faktorlardan biri ölkəmizdə televiziya baxışını əks etdirən dəqiq və etibarlı ölçümlərin tətbiqi olmuşdur. Yeni sistemin tətbiqi telekanallarda inventarın iki qat çoxalmasına, TV-də reklam qiymətlərinin ortalama 50% artmasına, bütün TV siqnal növlərinin, İP TV və TV kontentini yayımlayan onlayn platformaları ölçmək imkanının olmasına gətirib çıxarmışdır.
Çıxış zamanı növbəti ilin planları haqqında da məlumatlar paylaşıldı. MARSA-nın texnologiyalarının köməkliyi ilə Azərbaycanda ənənəvi TV izləməsi ilə yanaşı, ertələnmiş və qonaq baxışının da ölçülməsinin mümkün olduğunu qeyd edildi. Qeyd olunan məlumatların bazara 2024-cü ildə təqdim olunması planlaşdırılır.
Tədbir zamanı MARSA şirkətinin Müştəri Xidmətləri Meneceri Süriyyə Həbibli və Araşdırma Meneceri Anar İbrahimov çıxış edərək şirkətin göstəriciləri, nəticələri və mütəmadi aparılan bazar araşdırmaları haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, 2023-cü ildə şirkət Radio Monitorinqini bazara təqdim etmişdir və hazırda Radio Reytinqlərinin ölçümü layihəsi üzərində işlədiklərini bildirmişlər.
Bundan əlavə olaraq, tədbir zamanı PureXMedianın xarici ekspertləri Renata Uhlarikova və Puşkar Kulkarni media ölçüm sahəsində beynəlxalq təcrübədən və Azərbaycan bazarı üçün maraqlı olacaq yeni qlobal ölçüm yenilikləri haqqında məlumat verdilər. Tədbirdə televiziya kanallarının, reklam agentliklərinin, radio stansiyalarının və böyük reklam verən şirkətlərin nümayəndələri iştirak etmişdirlər.